Milli domen qeydiyyatı üzrə 12 qurumu kim yaradıb və haradadır bu qurumlar ?
Nazir müavini Elmir Vəlizadə və ETM-in direktoru, .az domeninin texniki administratoru Faiq Fərmanov ölkədə milli domenlərlə bağlı hər şeyin yüksək səviyyədə olduğunu bildiriblər.
Əslində isə bəlkə də Azərbaycan İnternetində yeganə sahələrdən birisidir həm beynəlxalq normaların və həm də yerli qanunvericiliyin tələblərinə hələ də əməl edilməyib.
Milli domenlərin qeydiyyatını tənzimləmək üçün Qanunvericilikdə nəzərdə tutulduğu qaydada qeydiyyat qurumu yaradılmayıb. Bütün İnternet ictimaiyyəti, elə Nazirlikdə və dövlət qurumlarında da hamı bilir ki, bu cür strarteji və milli maraqlarımız baxımından əhəmiyyət kəsb edən proses nazir müavininin şəxsi göstərişləri ilə Faiq Fərmanov tərəfindən həyata keçirilir.
Əslində milli domenin qeydiyyatının texniki administratoru səlahiyyətini icra etməli olan, yeri gəlmişkən qeyd edim ki, texniki cəhətdən indiyədək hər hansı problemlərə imkan yaratmayan Faiq Fərmanov milli domenin tənzimlənməsi ilə bağlı qalan bütün məsələləri də RYTN –dən gələn göstərişlər əsasında həyata keçirir.
Artıq bunu da açıq formada deməyin zamanıdır ki bu problem adı çəkilən nazir müavinin şəxsi ambisiyalarının qurbanına çevrilib.
Hətta cənab Nazir tərəfindən bu məsələnin həlli dəfələrlə şəxsən Elmir Vəlizadəyə tapşırılsa da problem hələ də həllini tapmayıb.
Faiq Fərmanov mediada və konfransda bildirib ki, sən demə milli domenin 12 (!) qeydiyyatçısı varmış. Yəni 12 qurum var ki .az domeninin qeydiyyatı ilə məşğuldur. Bu qədər ağ yalan olmaz da. Hansılardır, haradadır bu qurumlar ? Axı kim və nə zaman verdi qeydiyyatçılara bu səlahiyyəti ? Belə səlahiyyət verəcək qurum formalaşmayıb axı. Həm də İnternet ictimaiyyəti bilir ki, ölkədə cəmi bir milli domen qeydiyyatçısı var, o da elə texniki administrator olan Faiq Fərmanovun İntrans şirkətidir . Qalan bir-iki müxtəlif adda olan virtual qurumlar isə elə İntransın nəzarəti altında olan filiallardır. Azərbaycan İnternetində yeganə sahədir ki burada inhisarçılıq hökm sürür. Bunu hamı bilir axı.
Axı niyə diqqət ona yönəldilmir ki, ölkə əhalisinin sayı ilə müqayisədə milli domen istifadəçilərinin, həm də elə müstəqil milli registrantların ən az olduğu ölkələrdən birisi də, təəssüf ki bizik. Araşdırılmalıdır ki, nə üçün istifadəçilər daha çox beynəlxalq domenlər altında internet resurslar hazırlamağa üstünlük verirlər.
Ölkədə hazırda İnternetin və ümumiyyətlə İKT sahəsinin dinamik inkişafına uyğun gəlməyən sahə məhz milli domen infrastrukturudur. Onlayn qeydiyyat sisteminin işə salınmasını nəzərə almasaq uzun müddətdən bəri qalan problemlərin heç birisi öz həllini tapmayıb.
Problemin həlli ilə bağlı dəfələrlə RYTN-nə təkliflər verilib. Ədalət naminə deyim ki cənab nazirin təşəbbüsü ilə Nazirlikdə bu istiqamətdə uzun-uzadı müzakirələr aparılıb. Hətta qurum da formalaşdırılıb. Lakin kimlərinsə şəxsi ambisiyaları ucbatından problem hələ də həllini tapmayıb.
Təkliflər olunub ki, milli domenlərin qeydiyyatının tənzimlənməsi ilə bağlı RYTN-də bir neçə il bundan öncə başlanan proses başa çatdırılmalı və qanunvericilikdə nəzərdə tutulduğu qaydada kollegial qeydiyyat qurumu formalaşdırılmalıdır, bu qurum tərəfindən İnternet ictimaiyyətinin maraqlarına cavab verən Qeydiyyat qaydaları müəyyən olunmalıdır, milli domen qeydiyyatı üçün ödənilən rüsum aşağı salınmalıdır, qeydiyyat prosesində şəffaflıq təmin olunmalıdır, inhisarçılıq aradan qaldırılmalıdır.
Axı bu necə ola bilər ki, hansısa bir milli İnternet resursun adının müəyyən olunmasını, hansısa rayon ya şəhər adı ilə bağlı milli domenin hansı quruma ya şəxsə verilməsi və ya verilməməsi, 40 manat ilkin qeydiyyat haqqı müəyyən olunması, hətta milli domen qeydiyyatı qurumunun- registrantın müəyyən olunmasını bir-iki şəxs müəyyən etsin.?
Güman ki elə bununla bağlıdır ki, cənab Elmir Vəlizadənin rəhbərliyi alında keçirilən və əslində mahiyyətcə İnternet ictimaiyyətinin iştirakı ilə keçirilməli olan domenlərlə bağlı toplantını İnternet sahəsində əlaqəli qurumlardan xəbərsiz, qapalı formada təşkil etməyə üstünlük veriblər.
Ümid edək nə vaxtsa yuxarılardan milli təhlükəsizlik üçün kifayət qədər əhəmiyyət kəsb edən bu bu məsələyə də bir təpgi gələr və bu problem də öz həllini tapar.
Osman Gündüz
P.S. Bu mövzu dəfələrlə müxtəlif toplantılarda, konfranslarda müzakirə olunub. İCANN rəhbərliyi səviyyəsində qaldırılıb. Təqdimatlar olub. Elə mən özüm bu mövzuda yüzlərlə intervülər, açıqlamalar verdiyimdən, yazılar, statuslar, tvitlər yazdığımdan özümə söz vermişdim ki, bir də bu mövzuya qayıtmayım. Amma milli domen qeydiyyatı üzrə 12 registrantın olması ilə bağlı açıqlama buna imkan vermədi.