aif_logo

AİF  prezidentə müraciət edib

Azərbaycan İntternet Forumu  “ASAN imza” xidmətinin aylıq abunə haqqı  və mobil telefonların  qeydiyyat rüsumunun artırılması ilə bağlı prezidentə müraciət edib.

Məum olduğu kimi bir müddət öncə “ASAN imza”nın aylıq abunə haqqı  150% artırılaraq 2.5 manat müəyyən olunub. Həmçinin də indiyədək 5 manat olan mobil telefonların qeydiyyat rüsumu, telefonun modellərindən asılı olaraq  4 – 30 dəfə artırılıb.

Müraciətdə  qeyd olunub ki adı çəkilən qiymət artımları üçün hər hansı ciddi,  əsaslandırılmış arqumentlər irəli sürülməyib və maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmayıb.

Müraciətdə “ASAN imza”-nın kütləvi istifadə olunan ictimai əhəmiyyətli bir elektron xidmət olması, dövlət layihəsi əsasında yaradılması, mobil imza sahəsində rəqabətli mühitin olmaması, “ASAN imza”nı əvəzləyəcək daha ucuz əlavə autentifikasiya vasitələrinin olması, qiymət artımının elektron hökumət quruculuğuna və elektron xidmətlərdən istifadəyə mənfi təsir göstərməsi  vurğulanıb.

Eyni zamanda  mobil telefonların qeydiyyat rüsumunun artırılması ilə bağlı qərarın mobil bazarda bahalaşmanı  və   inhisarçılığı gücləndirəcəyi, fərdi sahibkarlığın inkişafına  mənfi təsir göstərəcəyi, müasir texnologiyalara və innovasiyalara əlçatımlığın  məhdudlaşdıracağı, rəqəmsal hökumət və rəqəmsal cəmiyyət quruculuğuna əngəl yaradacağı, İMEİ kodların qeyri-qanuni olaraq dəyişdirilməsi tendensiyasını    gücləndirəcəyi qeyd olunub.

Müraciətdə “ASAN imza” xidmətinin aylıq abunə haqlarının 150% qaldırılması və mobil telefonların qeydiyyatı ilə bağlı dövlət rüsumunun 4-30 dəfə qaldırılması qərarının bir daha nəzərdən keçirilməsi və  ləğv edilməsinə dair müvafiq tapşırıqlar verilməsi prezidentdən xahiş olunub.
AİF