MilliNet 2018 başladı

Milli İnternet Mükafatına 05 oktyabr 2018-cı il tarixdə start verilir. Bu barədə Xeberler.az-a MilliNet Təşkilat Komitəsindən məlumat verilib.

İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz saytlarını, mobil tətbiqlərini və sosial media resurslarını təqdim edə bilərlər.  Ötən illərdə Milli Net-də qeydiyyatdan keçənlər həmin hesablarla sistemə daxil ola bilərlər.

Bu il MilliNet 2018  yarışması  saytlar, mobil tətbiqlər və sosial media resurslarından ibarət olmaqla 19 Nominasiya üzrə keçiriləcək :

Saytlar və internet layihələr :
1.    Korporativ saytlar
2.    İctimai-sosial saytlar
3.    Media və İnformasiya
4.    Mədəniyyət, incəsənət və turizm saytları
5.    Ailə, uşaq və sağlamlıq
6.    Bloqlar
7.    Elm və təhsil
8.    Elektron hökumət
9.    Xidmət (Servis)
10.  Elektron Ticarət

Mobil tətbiqlər :
11. Elektron hökumət mobil tətbiqi
12. Təhsil mobil tətbiqi
13. Oyun və əyləncə mobil tətbiqi
14. Maliyyə-bank və e-ticarət tətbiqi
15. Media və informasiya mobil tətbiqi
16. Köməkçi mobil tətbiqlər (utilitlər)

Sosial media :
17. Ən yaxşı Facebook səhifəsi
18. Ən yaxşı Youtube kanalı
19. Ən yaxşı İnstagram hesabı

Ötən ildə olduğu kimi saytların qiymətləndirilməsini internet istifadəçiləri deyil, üç  istiqamət üzrə (kontent, dizayn və texnoloji ) peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla  Azərbaycan İnternet Forumu  tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Mobil tətbiqlər və sosial media resurslarını isə ekspertlər və sahə üzrə mütəxəssislər qiymətləndirəcək. Hazırda Münsiflər Heyətinin və ekspertlərin formalaşdırılması prosesi davam edir. Müsabiqəyə texniki və informasiya dəstəyi üçün MilliNet TK tərəindən Media Support və Moderatorlar qrupu yaradılıb.

Qaydalara uyğun olaraq Münsiflərə hər hansı aidiyyatı olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin yekun səsvermə zamanı verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və  www.millinet.az saytında yerləşdirilir. Qiymətləndrimə prosesi iki mərhələdə həyata keçirilir. Yekun səsvermədə Münsiflər hər bir sayt üzrə verdikləri qiymətləri əsaslandırırlar. Müsabiqədə 19 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 20 noyabr tarixdə başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 14 -dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin  cari ilin dekabrın ayında keçirilməsi nəzərdə tutulub. Milli İnternet Mükafatına   Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi   rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru   AzerTelecom   şirkətidir. Müsabiqəyə eyni zamanda  LENOVO  ,   BestComp  ,   NOVA  və   NEURON   şirkətləri də dəstək verirlər.

Ətraflı məlumat almaq üçün www.millinet.az saytına daxil ola bilərsiniz