Azərbaycan İnternet Forumu ictimai birliyinin yaradılması ilə bağlı Təşəbbüs Qrupunun Memorandumu Son dövrlərdə ölkənin İnternet seqmentində ictimai institutlaşma istiqamətində bir sıra addımlar atılmaqdadır. Təşəbbüs Qrupu bu addımları ölkənin İnternet seqmentində ciddi hadisə kimi dəyərləndirir və Azərbaycan İnternetinin bir infrastruktur kimi formalaşması üçün bu istiqamətdə işlərin davam etdirilməsini zəruri hesab edir. Bu sənədi imzalayan fiziki və hüquq şəxslər yuxarıda deyilənləri nəzərə alaraq , yeni keyfiyyətlərə malik ictimai İnternet qurumunun yaradılmasının zəruriliyini anlayaraq Azərbaycan İnternet Seqmentinin müxtəlif təmayüllü nümayəndələrinin səylərini AİS-in inkişafına yönəltmək üçün aşağıdakılar üzrə razılığa gəlirlər.

  • Aşağıdakı prinsiplər üzrə Azərbaycan İnternet Forumu adlı geyri-hökümət, geyri-kommersiya təşkilatı qurmaq.
  • Ölkənin İnternet ictimaiyyətinin ümumi problemlərinin həlli istiqamətində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin səylərini birləşdirərək AİS-in inkişafına yardımçı olmaq.
  • Azərbaycan İnternet Seqmentində çalışan və fəaliyyət göstərən hər bir hüquqi və fiziki şəxs AİF-in üzvü ola bilər
  • Azərbaycan İnternetinin və İnternet ictimaiyyətinin ümumi problemlərinin müəyyənləşdirilməsi, bu məqsədlə ümumi maraqlar ətrafında müzakirələr, forumlar keçirmək, ümumi maraqları ifadə edən qərarlar qəbul etmək.Qəbul edilmiş qərarları dövlət qurumlarına, müvafiq təşkilatlara və ictimaiyyətə çatdırmaq
  • Azərbaycan İnternet seqmentində özünütənzimləmə və ictimai tənzimləməni zəruri edən sahələri müəyyənləşdirmək, bu məqsədlə sistemli şəkildə müzakirələr aparmaq.
  • Milli İnternet ünvanların qeydiyyatı prinsiplərinin təkmilləşdirilməsi istiqamətində təkliflərlə çıxış etmək.
  • AİS-in inkişafı ilə bağlı hüquqi-normativ bazanın hazırlanmasında iştirak etmək. İnternet şəbəkəsindən istifadə ilə bağlı ictimai normalar hazırlamaq və internet ictimaiyyətinə tövsiyyə etmək.
  • İstifadəçi – provayder, İnternet- dövlət ,provayder- dövlət münasibətlərinin sivil normalara uyğun qurulması üçün səmərəli təkliflər hazırlamaq.
  • Təhsil sahəsində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində , əhalinin informasiya texnologiyaları ilə bağlı maarifçilik işinin təşkili sahəsində tədbirlər həyata keçirmək
  • Ölkənin virtual və real fəzaları arasında əlaqə yaratmaq. Media və İnternet infrastrukturun inteqrasiyasına nail olmaq.
  • Beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əlaqələrin qurulmasında iştirak etmək.
  • Azərbaycanın İnternet Seqmentində ictimai institutlaşma istiqamətində fəaliyyət göstərmək. İnternet bazarında müxtəlif sahələr üzrə monopoliyanın qarşısını almaq üçün konkret maraqlar ətrafında ictimai qurumların yaradılmasına köməklik göstərmək.