AİF prezidentə müraciət edib
Azərbaycan İntternet Forumu “ASAN imza” xidmətinin aylıq abunə haqqı və mobil telefonların qeydiyyat rüsumunun artırılması ilə bağlı prezidentə müraciət edib.
Məum olduğu kimi bir müddət öncə “ASAN imza”nın aylıq abunə haqqı 150% artırılaraq 2.5 manat müəyyən olunub. Həmçinin də indiyədək 5 manat olan mobil telefonların qeydiyyat rüsumu, telefonun modellərindən asılı olaraq 4 – 30 dəfə artırılıb.
Müraciətdə qeyd olunub ki adı çəkilən qiymət artımları üçün hər hansı ciddi, əsaslandırılmış arqumentlər irəli sürülməyib və maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmayıb.
Müraciətdə “ASAN imza”-nın kütləvi istifadə olunan ictimai əhəmiyyətli bir elektron xidmət olması, dövlət layihəsi əsasında yaradılması, mobil imza sahəsində rəqabətli mühitin olmaması, “ASAN imza”nı əvəzləyəcək daha ucuz əlavə autentifikasiya vasitələrinin olması, qiymət artımının elektron hökumət quruculuğuna və elektron xidmətlərdən istifadəyə mənfi təsir göstərməsi vurğulanıb.
Eyni zamanda mobil telefonların qeydiyyat rüsumunun artırılması ilə bağlı qərarın mobil bazarda bahalaşmanı və inhisarçılığı gücləndirəcəyi, fərdi sahibkarlığın inkişafına mənfi təsir göstərəcəyi, müasir texnologiyalara və innovasiyalara əlçatımlığın məhdudlaşdıracağı, rəqəmsal hökumət və rəqəmsal cəmiyyət quruculuğuna əngəl yaradacağı, İMEİ kodların qeyri-qanuni olaraq dəyişdirilməsi tendensiyasını gücləndirəcəyi qeyd olunub.
Müraciətdə “ASAN imza” xidmətinin aylıq abunə haqlarının 150% qaldırılması və mobil telefonların qeydiyyatı ilə bağlı dövlət rüsumunun 4-30 dəfə qaldırılması qərarının bir daha nəzərdən keçirilməsi və ləğv edilməsinə dair müvafiq tapşırıqlar verilməsi prezidentdən xahiş olunub.
AİF