29215973_823078817893850_1512412994351948886_n

Kriptovalyuta konfransı necə keçdi?-Foto

Bu gün Holiday İnn otelində “Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi və blokçeyn texnologiyalardan effektiv istifadə” mövzusunda konfrans keçirilib.

Xeberler.az-ın məlumatına görə, toplantıda dövlət və özəl sektorun, bank sektorunun nümayəndələri və müstəqil ekspertlər iştirak edib.

Belə ki, konfransa AMEA, İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Paşa Bank, Mərkəzi Bank, Lenovo kimi qurumların nümayəndələri qatılıb.

Tədbirin təşkilatçılarından olan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbiri açaraq konfransın keçirilməsinin məqsədləri haqqında məlumat verib.

O, ölkədə kriptovalyuta və blokçeyin sahəsində ekosistemin formalaşması prosesinin getdiyini vurğulayıb.

Osman Gündüz bu infrastrukturun bir sıra sahələrinin artıq ölkəmizdə oturuşmaqda olduğunu da diqqətə çatdırıb.

Ekspert tədbirin keçirilməsində əsas məqsədin bu sahənin inkişafına təkan verəcək effektiv tənzimləmə mexanizmlərinin hazırlanması olduğunu vurğulayıb.

O, bu istiqamətdə maraqlı tərəflərin iştirakı ilə müzakirələrin davam etdiriləcəyini də diqqətə çatdırıb.

Portmanat.az qurumunn rəhbəri Telman Axondov çıxış edərək tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, sahənin inkişafı ilə bağlı təkliflərin verilməsinin faydalı olduğunu bildirib.

Sonra isə təqdimatlar başlayıb.

Tədbirdə ekspert Orxan Əhmədov “Kriptovalyuta bazarının tənzimlənməsi və blokçeyn texnologiyalardan effektiv istifadə”,  Crypto Consalting qurumunun direktoru Elnur Quliyev “Blokçeyn texnologiyasının maliyyə-bank sisteminə təsiri” və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun direktoru  Sabit Bağırov isə “İCO: tənzimləmələr, imkanlar və təhlükələr” mövzusunda təqdimatlar edib.

Konfransda təqdimatlar ətrafında,  o cümlədən də mayninq üçün icazə və bu fəaliyyətdən vergi tutulması, kriptovalyutanın ölkəmizdə ödəniş vasitəsi kimi istifadə oluna bilməsi, İCO layihələrə investisiya cəlb etmək üçün icazə və ya investisiya limiti, mayninq üçün zəruri avadanlıqların ölkəyə sərbəst olaraq gətirilməsi mövzuları ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə Lenovo şirkətinin Azərbaycan nümayəndiliyinin rəhbəri Rasim Bəxşi, Qravity şirkətinin nümayəndəsi Azər Kərimov, İnvia World şirkətindən Sənan Həsənov. Paşa Bank-ın rəsmisi Bəhman Orucov və digərləri iştirak edib.

Dövlət və özəl sektor nümayəndələri bu istiqamətdə təkliflərini səsləndirərək ekspertlərlə müzakirə edib.

Müzakirələrin yekununda blokçeyin texnologiyasının ölkəmizdə tətbiq imkanları və gələcək prespektivi ilə bağlı təkliflər irəli sürülüb.

Konfrans Azərbaycan İnternet Forumu, CryptoAZE cəmiyyəti və Portmanat.az qurumlarının təşkilatçılığı ilə baş tutub.